Mingəçevir gimnastları Bakıda təlim-məşq toplanışında iştirak edirlər
Bakı, 27 oktyabr, AZƏRTAC
Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin bədii gimnastika üzrə komandası Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışlarında iştirak etmək üçün paytaxtımıza gəliblər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, məşqlərin təşkilində məqsəd idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də dekabrın 8-11-də Şəki şəhərində keçiriləcək Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileyinə həsr olunmuş birgə yarışlar çərçivəsində təşkil ediləcək bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika bölməsi 2016-cı ildən fəaliyyət göstərir. Bölmədə 86 gimnast məşğul olur.
Bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastların paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirakı nəzərdə tutulur.