Mingəçevirdə keçmiş məhkumun evindən külli miqdarda narkotik vasitə aşkarlanıb
Bakı, 19 mart, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər də məhkum olunmuş Mingəçevir şəhər sakini Ceyhun Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan bir bükümdə heroin və kibrit qutusunda 7,61 qram qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq C.Qurbanovun yaşadığı evə də baxış keçirilib. Oradan 21,284 qram heroin və sellofan torbada 2 kiloqram 155 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.