QAN YADDAŞI
Minskdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb




Minsk, 18 yanvar, AZƏRTAC
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan diasporunun üzvləri və Belarusun ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev tədbir iştirakçıları ilə birlikdə diplomatik nümayəndəliyin girişində 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş plakat və Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib, dualar oxunub.
Səfir Məhərrəm Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş cinayət kimi səciyyələndirərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri və xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Diplomat 20 Yanvar hadisələrini imperiyanın Azərbaycan xalqının milli-azadlıq hərəkatını qan içində boğmaq cəhdi kimi qiymətləndirib. O, 20 Yanvar hadisələrinin canlı şahidi kimi faciə haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Səfir qeyd edib ki, hadisələr baş verən vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Yanvar qırğınının təhrikçilərini pisləyən sərt bəyanatla çıxış etmişdi.
Diplomat Heydər Əliyevin təşəbbüsü və əzmkarlığı sayəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulayıb.
Sonda səfir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərimizin qanı bahasına qazandığımız müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində uğurlu siyasət həyata keçirir.
Sonra tədbir iştirakçıları səfirliyin foyesində 20 Yanvar faciəsindən bəhs edən filmə baxıb, faciəni əks etdirən fotosərgi ilə tanış olub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk