Minskdə MDB-nin 25 illiyinə həsr edilən beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Minsk, 29 iyun, AZƏRTAC
Belarus Milli Elmlər Akademiyasında “Müstəqil Dövlətlər Birliyinin 25 illiyi: nəticələr, perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransa hazırlıq və konfransın keçirilməsi üzrə təşkilat komitəsinin növbəti iclası olub.
MDB İcraiyyə Komitəsinin Minskdəki qərargahından AZƏRTAC-a bildirilib ki, iclasda İcraiyyə Komitəsi sədrinin birinci müavini - Birliyin icraçı katibi Vladimir Qarkun və Belarus Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sədri Vladimir Qusakov iştirak ediblər.
Konfrans çərçivəsində dörd seksiya fəaliyyət göstərəcək: “MDB iştirakçı dövlətlərinin qarşılıqlı iqtisadi əlaqələri və qanunvericilik bazasının təkmilləşdirilməsi”, “MDB iştirakçı dövlətlərinin elm və innovasiya sahələrində əməkdaşlığı”, “MDB iştirakçı dövlətlərinin təhsil, mədəniyyət, turizm, idman və gənclər siyasəti sahələrində qarşılıqlı əlaqələri” və “MDB iştirakçı dövlətlərinin təhlükəsizlik, cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahələrində qarşılıqlı əlaqələr”.
Beynəlxalq konfrans sentyabrın 28-29-da Minskdə keçiriləcək. Tədbirdə Birliyin Azərbaycan da daxil olmaqla iştirakçı dövlətlərindən 200-dən çox nümayəndə, MDB ölkələrinin səfirləri, daimi səlahiyyətli nümayəndələri, Belarusda akkreditə edilmiş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları, MDB orqanlarının və Birlik ölkələrinin baza təşkilatlarının nümayəndələri, MDB İqtisadi Şurasında iqtisadi məsələlər komissiyasının üzvləri, elmi ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk