ELM VƏ TƏHSİL
Mirzə Nəsrulla Didənin şeirlərindən ibarət əlyazması çapa hazırlanıb
![Mirzə Nəsrulla Didənin şeirlərindən ibarət əlyazması çapa hazırlanıb](/files/2020/1/1200x630/15877254713434040870_1200x630.jpg)
Bakı, 24 aprel, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri məlum səbəblərdən sosial izolyasiya dövründə növbədənkənar məzuniyyət vaxtını dəyərləndirərək öz elmi tədqiqatlarını əvvəlki templə evdə qalaraq davam etdirirlər. Belə işlər sırasında əlyazma abidələrinin elektron versiyası əsasında yerinə yetirilən transfoneliterasiya işləri də var.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Təhsil şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva Mirzə Nəsrulla Didənin şeirlərindən ibarət əlyazmanın transfoneliterasiya işini başa çatdırıb. Əlyazma və onun müəllifi haqında qısa məlumatda qeyd olunur ki, XIX əsrdə yazıb-yaratmış “Beytü-səfa” ədəbi məclisinin görkəmli nümayəndələrindən olan və Şamaxı ədəbi mühitində Seyid Əzim, Bahar Şirvanidən sonra diqqəti cəlb edən şairlərdən biri də Mirzə Nəsrulla Didədir. O, 1797-ci ildə Şamaxıda anadan olub. İlk təhsilini Təbrizdə alıb, burada ərəb, fars dillərinə dərindən yiyələnib Şamaxıya qayıtdıqdan sonra rus dilini öyrənibdir. Məhz buna görə də dövlət idarə rəhbərlərinin diqqətini cəlb edib, Şamaxı quberniya idarəsində katib vəzifəsində çalışıbdır. Bununla yanaşı, şair həyatının sonrakı dönəmlərində müəllimlik edib. Mirzə Nəsrulla Didə 1875-ci ildə Şamaxıda vəfat edib.
Vurğulanıb ki, şairin bədii irsi doğma ana dilində yazdığı aşiqanə və ictimai məzmunlu şeirləri, mənzum hekayə və qəsidələri, eləcə də “Kitabün-nəsayeh” adlı irihəcmli nəsr əsərindən ibarətdir. Şairin şeirləri bu vaxta qədər müasir əlifba ilə nəşr olunmayıb. Məhz bu məqsədlə əlyazma ilk dəfə Tünzalə Seyfullayeva tərəfindən transfoneliterasiya edilərək çapa hazırlanıb.
Qeyd edilib ki, Əlyazmalar İnstitutunda Didənin şeirlərinin yer aldığı C-265 şifrli əlyazma nüsxəsinin həcmi 119 vərəq, ölçüsü 17x26,5 sm-dir. Əlyazma boz karton cildə tutulub. Nüsxənin harada köçürülməsi, katibi haqqında əlyazmada heç bir qeyd yoxdur. Mətn qara mürəkkəblə rus istehsalı kağıza hərəkəsiz nəstəliq xətti ilə köçürülüb. Bununla yanaşı, əlyazmada nəsrlə yazılmış qeydlərə də rast gəlmək mümkündür.