SİYASƏT
Misir mediası Brüsseldə Azərbaycan, Aİ və Ermənistan liderlərinin üçtərəfli görüşünü işıqlandırıb
Qahirə, 1 sentyabr, AZƏRTAC
Misir mediası Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, “Əl Əhram”, Əl Bavab”, “Darəlmarif” və s. media orqanlarında dərc olunan materiallarda Şarl Mişelin görüşün yekunlarına dair bəyanatı yer alıb. Yazılarda qeyd olunub ki, Aİ Şurasının Prezidenti Brüssel görüşündə Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlindiyini bildirib. O, həmçinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasına dair bütün məsələlərə dair əldə olunmuş irəliləyişlərin və sabit vəziyyətin daha yaxşı təmin edilməsinin nəzərdən keçirildiyini, Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılıq əldə olunduğunu deyib. Aİ Şurasının Prezidenti əlavə edib ki, görüş zamanı nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələr də nəzərdən keçirilib, hər iki tərəfin əhalisinin uzunmüddətli və dayanıqlı sülhə hazırlamağın vacibliyi vurğulanıb.
Materiallarda diqqətə çatdırılıb ki, Şarl Mişel Aİ-nin hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcəyini söyləyib.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə