Misir mətbuatı Azərbaycan səfirinin Xocalı soyqırımı ilə bağlı məqaləsini yayıb
Qahirə, 25 fevral, AZƏRTAC
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı məqaləsi bu ölkənin nüfuzlu qəzet və internet portallarında dərc edilib.
Məqalədə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyini bərpa etməsi, ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox qaçqın və köçkünün öz tarixi torpaqlarından çıxarılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində baş vermiş ən ağır hadisənin Xocalı soyqırımı olması barədə məlumat verilir.
Xocalı soyqırımının 1992-ci il 26 fevral tarixində SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədildiyi, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1000 nəfərin yaralandığı, 1275 insanın əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü oxucuların diqqətinə çatdırılır. Soyqırımından öncə baş vermiş hadisələr və həmin faciənin nəticələri barədə məlumat verilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yazan səfir münaqişə ilə bağlı BMT TŞ tərəfindən məlum 4 qətnamənin və digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərarların qəbul edildiyini və həmin sənədlərin Ermənistan tərəfindən icra edilmədiyini diqqətə çatdırır. Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırımına hüquqi və siyasi qiymətin verildiyi, İslam Əməkdaşlıq Təşkilatının 2013-cü ilin 2-7 fevral tarixlərində Qahirədə keçirilmiş zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçılarının Qahirə yekun kommunikesində Xocalı soyqırımının insanlıq əleyhinə cinayət adlandırıldığı bildirilir, milli və beynəlxalq səviyyədə onun soyqırımı kimi tanınması üçün israrlı çağırış etdikləri vurğulanır.
İnsan haqlarının Xocalı soyqırımında iştirak etmiş ermənilər və onların havadarları tərəfindən açıq-aşkar pozulması, Cenevrə Konvensiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, Qadın və uşaqların fövqəladə hallarda və silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə kimi sənədlərin kobud pozulması məqalədə xüsusilə qeyd edilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyi önə çəkilərək, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilir, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə ümid olduğu vurğulanır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə