MİSİRDƏ FƏALIYYƏT GÖSTƏRƏN “VƏTƏN” TƏLƏBƏ CƏMİYYƏTİ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Misir Ərəb Respublikasında fəaliyyət göstərən “Vətən” Tələbə Cəmiyyəti dekabrın 30-da Dünya azərbaycanlılarının həmrəyliyi gününu Qahirə şəhərinin “Zahir” klubunda təntənə ilə qeyd etmişdir.
Tədbirdə Azərbaycanın Qahirədəki səfirliyinin əməkdaşları, Misirdə fəaliyyət göstərən müxtəlif ölkələrin tələbə cəmiyyətlərinin sədrləri, Misirin Ayn Şəms Universitetində Azərbaycan və türk dillərində təhsil alan misirli tələbələr iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın dövlət himni səslənmişdir. “Vətən” Tələbə Cəmiyyətinin sədri Mirdavud Sultanov tədbir iştirakçılarına ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə təsis olunmuş Dünya azərbaycanlılarının həmrəyliyi gününün tarixi əhəmiyyətindən danışmışdır.
Qahirə Universitetinin tələbəsi Zeynal Zeynalov ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 31 dekabr tarixinin bütün Azərbaycan xalqının və dünya azərbaycanlılarının milli bayramına çevrildiyini bildirmişdir.
Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən ərəb dilinə dublyaj edilmiş ölkəmizin tarixindən bəhs edən “Salnamə” filmi nümayiş etdirilmiş, “Vətən” Tələbə Cəmiyyəti tərəfindən ərəb dilində nəşr edilmiş “Azərbaycan” qəzetinin ikinci nömrəsi, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Vvar Against Azerbaijan” kitabı, eləcə də səfirlik tərəfindən ərsəyə gətirilmiş jurnal və broşürlər toplantı iştirakçılarına təqdim olunmuşdur.
Sonra səfirliyin birinci katibi Vüqar Yusifov tədbir iştirakçılarını həmrəylik günü münasibətilə təbrik etmiş, tələbələrə yeni-yeni nailiyyətlər arzulamış və fəal gənclərə “Vətən” Tələbə Cəmiyyətinin fəxri diplomlarını təqdim etmişdir.