Misirli alimlər Əlyazmalar İnstitutunda xəttatlıq və miniatür nümunələri ilə tanış olublar
Bakı, 21 dekabr, AZƏRTAC
Misirin Süveyş Kanalı Universitetinin professoru Əbdül Rəhim və İslam Əməkdaşlıq Təşkilatının nəzdində Misir Əlyazmaları İnstitutunun xəttatı Məhəmməd Amri Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan məlumat verilib.
Tədbirdə Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli təmsil etdiyi qurumun əlaqələrinin getdikcə genişlənməsindən, “İslam Həmrəyliyi İli” çərçivəsində institutda həyata keçirilən layihələrdən bəhs edib, bu tədbirlərin gələcəkdə də davamlı olacağına əminliyini bildirib.
İnstitutun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifli Misirdə bir milyondan artıq əlyazmanın mühafizə olunduğunu diqqətə çatdırıb. O, Misirin Əlyazmalar İnstitutu ilə təcrübə və kadr mübadiləsinin hər iki ölkə üçün səmərəli olduğunu bildirib.
Professor Əbdül Rəhim tədbir iştirakçılarına əlyazmalar və onların spesifik xüsusiyyətləri ilə bağlı məlumat verib.
Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri “Qurani-Kərim”in dörd nüsxədən ibarət əlyazmasını köçürdüyünü bildirərək və həmin əlyazmadan gətirdiyi nümunəni instituta bağışlayıb.
Sonra qonaqlar Əlyazmalar İnstitutunun ekspozisiya zalında əlyazma nüsxələri, xəttatlıq və miniatür nümunələri ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıblar.