CƏMİYYƏT
Mixail Puşkin: İqlim dəyişikliyi ilə mübarizədə ədalətlilik prinsipi qorunmalıdır
Bakı, 26 sentyabr, AZƏRTAC
İqlim dəyişikliyi ilə mübarizədə bütün ölkələr fəal iştirak etməli, ədalətlilik prinsipi qorunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ofisinin direktoru Mixail Puşkin "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.
O bildirib ki, iqlim dəyişikliyi ilə bağlı hazırda baş verənlər dayanıqlı inkişaf məqsədləri və Paris razılaşması üzrə geriləmələrin olduğunu göstərir.
Mixail Puşkinin sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə hər bir ölkənin, təşkilatın üzərinə məsuliyyət qoyur. O, keçid dövrü ilə əlaqədar bu mübarizədə həmkarlar ittifaqları təşkilatlarının üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.
Beynəlxalq əməkdaşlığın və qlobal həmrəyliyin vacibliyini diqqətə çatdıran BƏT rəsmisi milli öhdəliklərin yerinə yetirilməsində ölkələrin həmkarlar ittifaqlarının rolunu qeyd edib.