MOK PREZİDENTİ İLHAM ƏLİYEV BEYNƏLXALQ GİMNASTİKA FEDERASİYASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev aprelin 25-də Beynəlxalq Gimnastika Federasiyasının prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Bruno Qrandi başda olmaqla Federasiyanın nümayəndə heyətini qəbul etmişdir.
İlham Əliyev qonaqları MOK üzvləri adından səmimiyyətlə salamlayaraq, onlara Azərbaycanda idmanın inkişafı haqqında ətraflı məlumat verdi. O dedi ki, idmanın bir çox növlərində xeyli tərəqqi əldə edilmişdir, Azərbaycan idmançıları Sidneydə keçirilmiş Olimpiya oyunlarında yaxşı nəticələrə nail olmuşlar. İlham Əliyev gimnastikanı olimpiya oyunlarının mühüm hissəsi və idmanla incəsənətin vəhdət təşkil etdiyi növ adlandıraraq bildirdi ki, Azərbaycan Gimnastika Federasiyasının yeni rəhbərliyinin səyləri sayəsində uşaqlar və gənclər arasında gimnastikaya maraq artmışdır. MOK-un və Milli Gimnastika Federasiyasının başlıca məqsədi gimnastlarımızın olimpiya oyunlarında iştirakı üçün lisenziyalar qazanmaqdır.
Daha sonra İlham Əliyev Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, müxtəlif federasiyaların ölkəmizdə idmanın inkişafına yönəldilmiş birgə fəaliyyətindən danışdı. O, qonaqları əmin etdi ki, bu təşkilatlar cari ilin yayında Bakıda gimnastika üzrə Dünya kuboku uğrunda mərhələ yarışlarının və 2005-ci ilin avqustunda dünya çempionatının uğurla keçirilməsi üçün səylərini əsirgəməyəcəklər.
Cənab Bruno Qrandi səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək dedi ki, onların səfərindən əsas məqsəd gimnastika üzrə iki mötəbər yarışın keçiriləcəyi Azərbaycanın idman komplekslərindəki şəraitlə tanış olmaqdır. O vurğuladı ki, Beynəlxalq Gimnastika Federasiyası yerli federasiyalarla əlaqələrə çox böyük diqqət yetirir, onlara hər vasitə ilə kömək etməyə çalışır. Bu baxımdan, Azərbaycan Gimnastika Federasiyası da onların diqqət mərkəzindədir, çünki o, Bakıda belə genişmiqyaslı yarışların keçirilməsi ilə əlaqədar çox iş görməli olacaqdır. Bu yarışlardan ən əhəmiyyətlisi 55-dək ölkənin idmançılarının iştirakı ilə keçiriləcək və gedişini 200-dən çox jurnalist işıqlandıracaq dünya çempionatıdır. Qonaq dedi: “Çempionatın keçirildiyi günlərdə şəhəriniz bütün dünyanın diqqət mərkəzində olacaq, ona görə də turnirə yaxşı hazırlaşmaq üçün biz fəal əməkdaşlıq etməliyik”. Onun sözlərinə görə, Bakının idman qurğuları yüksək səviyyədədir, başçılıq etdiyi federasiya isə texniki yardım göstərəcəkdir. Onlar Azərbaycana məhz bundan ötrü gəlmişlər.
Sonra İlham Əliyev və Bruno Qrandi bu məsul yarışların təşkili ilə bağlı bir sıra digər məsələləri müzakirə etdilər.
Qəbulda gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva iştirak edirdilər.
Foto Yaşar Xəlilovundur