Moldova Aİ-yə inteqrasiya üzrə daha bir mühüm addım atıb
Kişineu, 23 sentyabr, AZƏRTAC
Moldova ilə Aİ arasında qanunvericiliyin ikitərəfli uyğunlaşdırılması prosesi başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimov özünün “Facebook” səhifəsində məlumat verib.
O, Moldovanın skrininq prosesini 15 aya başa vurduğunu bildirib. Bu müddət ərzində ekspertlər 100 000 səhifədən çox milli qanunvericiliyi təhlil ediblər.
“Moldovanın cəmi 15 ay ərzində əldə etdikləri böyük nailiyyətdir. Mən Avropaya İnteqrasiya Bürosundan olan həmkarlarıma və bütün dövlət işçilərinə gündəlik işlərinə və cəsarətlərinə görə təşəkkür edirəm. Biz birlikdə Moldovanın Aİ-nin etibar edə biləcəyi ölkə olduğunu sübut etdik”, -deyə Baş nazirin müavini qeyd edib.
Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos da bəyanat yayaraq, bu sürətin saxlanmasının vacibliyini vurğulayıb.
O bildirib: “Siz bir daha sübut etdiniz ki, ölkəniz Aİ-yə üzvlüyün növbəti mərhələsinə yaxşı hazırdır. Növbəti addım qanunun aliliyi, yaxşı idarəçilik və fundamental hüquqları əhatə edən ilk klasterin – “Aİ-yə qoşulma çərçivəsi”nin açılması olacaq. Bu, əməkdaşlığımızı gücləndirəcək və Aİ-yə üzvlük prosesini sürətləndirəcək. İş bununla bitmir. Məqsəd aydındır və proses milli qanunların yenidən hazırlanması ilə davam etdirilir. Aİ qanunlarını və demokratik institutları gücləndirin ki, nailiyyətləriniz ilə fəxr edə bilərsiniz. Avropa sizin səylərinizi dəstəkləyir, biz birlikdə Avropa İttifaqında təhlükəsiz, demokratik və firavan Moldova arzusunu həyata keçirə bilərik”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu