Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO
Şuşa, 12 sentyabr, AZƏRTAC
Bu, mənim Qarabağa ilk səfərim deyil. Həyat yoldaşımla birlikdə ildə azı iki dəfə buraya gəlirik. Hər dəfə də işlərin yaxşı getdiyini görməkdən sevinc və xoş duyğular keçiririk.
Bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko Azərbaycan diplomatik korpusunun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.
Diplomat Azərbaycanın regionda həyata keçirdiyi bərpa işlərinin sürətlə getdiyini qeyd edib.
“Azərbaycanda nə qədər böyük səylərin, vəsaitin və resursların buraya yönəldildiyini, bərpa işlərinin nə qədər sürətlə aparıldığını görürük. Ən başlıcası isə səsləndirilən rəqəmlərdir. Artıq Qarabağ Universitetində 3000-dən çox tələbə təhsil alır. Bu da şəhərə həyatın qayıtdığını göstərir”, - deyə o vurğulayıb.
Səfirin sözlərinə görə, Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var:“Hesab edirəm ki, Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşanı və onun yaxınlığında yerləşən Xankəndini böyük gələcək, potensial gözləyir. Mədəni və tarixi obyektlərin bərpası ilə yanaşı, bu işlərin necə böyük həssaslıq və ehtiramla həyata keçirildiyini də görürük. Burada həyat var, bu şəhərlər yaşayır. Onlar öz gözəlliyi ilə sevindirir. Təbii ki, biz böyük məmnuniyyətlə mütəmadi buraya gələcəyik”.
Azərbaycan-Moldova münasibətlərinin perspektivlərindən danışan Aleksandr Yesaulenko bu ilin payız aylarında ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcək səfərlərin gözlənildiyini bildirib. O, həmçinin Azərbaycanın Moldovanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd edib. “Azərbaycan sübut edib ki, enerji bazarında belə çətin və dəyişkən bir dövrdə enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaşdır. Buna görə də gündəliyimiz daha sıx və məzmunlu olmalıdır, biz bu istiqamətdə çalışacağıq”, - deyə Aleksandr Yesaulenko diqqətə çatdırıb.