Monteneqrolu nazir: Biznes icması ilə etimad münasibətlərinin qurulması turizmin inkişafı baxımından zəruridir
Bakı, 26 sentyabr, AZƏRTAC
Biznes icması ilə müəyyən səviyyədə etimadın formalaşdırılması turizmin inkişafı və strateji layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Monteneqronun turizm naziri Simonida Kordiç II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” panel müzakirəsində deyib.
O bildirib ki, turizm sahəsində uzunmüddətli proseslərin həyata keçirilməsi üçün biznes icması ilə etimad münasibətlərinin qurulması zəruridir.
“Monteneqro turizm sektorunun inkişafı ilə bağlı strateji planlar həyata keçirir. Bu çərçivədə strateji layihələrin və investisiyaların inkişaf etdirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi mühüm istiqamətlərdəndir. Ölkənin turizm strategiyasında strateji layihələrin və maliyyə imkanlarının əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır”,- deyə o vurğulayıb.
Monteneqronun turizm naziri bildirib ki, ölkənin məqsədi turizm sektorunun davamlı inkişafını təmin etmək və bu sahədə yeni imkanlar yaratmaqdır.