Monteneqronun teleradio kanalı Qəbələnin turizm potensialından bəhs edib
Podqoritsa, 2 noyabr, AZƏRTAC
Monteneqronun RTCG radio və televiziya kanalının saytında Azərbaycanın Qəbələ rayonunun turizm imkanlarından, bu sahənin inkişafına böyük investisiyaların yatırılmasından bəhs edən yazı yerləşdirilib.
Yazıda qeyd olunur ki, Azərbaycanın şimalında yerləşən Qəbələ gözəl təbiətə malik və sürətlə inkişaf edən bir şəhərdir. Burada lüks otellər, müasir standartlara cavab verən turizm obyektləri fəaliyyət göstərir.
Məqalədə, həmçinin Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevin fikirlərinə də yer verilib. O deyib ki, azərbaycanlı investorlar müxtəlif sahələrdə, o cümlədən turizm sektorunda Monteneqroya sərmayə yatırmağa maraq göstərirlər. Fəxri konsul bu ölkənin Jablyak bölgəsində Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə bənzər turizm obyektinin tikilməsinin nəzərdən keçirildiyini buna misal göstərib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa