Moskvada Azərbaycan istehsalçılarının məhsullarının dequstasiyası olub
Moskva, 14 yanvar, AZƏRTAC
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonunda Azərbaycan istehsalçılarının məhsullarının növbəti dequstasiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, dequstasiya Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) iştirakı ilə “Rusiya” beynəlxalq sərgi forumu çərçivəsində təşkil olunub.
“Azərbaycan” pavilyonunun ticarət zalında quru meyvələrin və şirniyyatların ən yaxşı istehsalçılarının məhsullarının nümunələri təqdim olunub. Qonaqlar ənənəvi Azərbaycan çayının, mövsümi meyvələrdən hazırlanan kompotların, Şamaxıda yetişdirilən məşhur üzüm növlərindən hazırlanan orqanik şərabın dadına baxmaq fürsəti əldə ediblər.
Təşkil olunan viktorinalarda qaliblər “Azərbaycan” pavilyonundan mükafatlar qazanıblar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva