MOSKVADA “AZƏRBAYCANLILAR RUSİYADA: MİQRASİYA PROBLEMLƏRİ VƏ YAŞAYIŞ” MÖVZUSUNDA “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “RİA Novosti” mətbuat mərkəzində ölkəmizin müstəqilliyinin 16-cı il dönümü münasibətilə Ümumrusiya Azərbaycan Konqresinin təşəbbüsü ilə “Azərbaycanlılar Rusiyada: miqrasiya problemləri və yaşayış” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə ÜAK-ın icraçı direktoru Eldar Quliyev, ÜAK-ın vitse-prezidenti Əfrand Daşdəmirov, Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun Aralıq dənizi və Qara dəniz Mərkəzinin rəhbəri Alla Yazıkova, Rusiya Dövlət Sosial Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Mixail Kodin, Azərbaycan səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, habelə Rusiya və Azərbaycan KİV-lərinin nümayəndələri iştirak etmişlər.
“Dəyirmi masa”da Rusiya-Azərbaycan münasibətlərinin misalında SSRİ-nin süqutunun nəticələri və keçmiş müttəfiq respublikaların müstəqillik qazanması, ikitərəfli əlaqələrin və humanitar əməkdaşlığın möhkəmlənməsində Azərbaycan diasporunun rolu, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, münaqişə haqqında düzgün informasiyanın Rusiya ictimaiyyətinə çatdırılmasında Konqresin rolu ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Natiqlər ölkələrimizin daha sıx inteqrasiyasının və Azərbaycanı daha yaxşı tanımağa imkan verən əlaqələrin qurulmasının vacibliyini vurğulamışlar. ÜAK nümayəndələri vurğulamışlar ki, Rusiyadakı Azərbaycan diasporu bütün bu proseslərdə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi haqqında obyektiv informasiyanın çatdırılmasında fəal iştirak etməyi özünə borc bilir.
Mixail Kodin bildirmişdir ki, millətlərarası münasibətlər boş sözlər deyil, kökləri tarixə gedən reallıqdır. O, iki xalq arasında dialoqa yaxından kömək edən ÜAK-ın fəaliyyətini yüksək qiymətləndirmiş və demişdir ki, özünü Azərbaycan diasporunun ayrılmaz hissəsi sayır. M.Kodin “Qafqaz milliyyətindən olan şəxslər” terminini işlədən bəzi məmurları tənqid edərək bildirmişdir ki, Qafqaz dünyaya çox məşhur və nüfuzlu insanlar bəxş etmişdir. Heç bir məmur qədim mədəni əlaqələrə malik xalqlar arasından sərhəd çəkə bilməz.
Alla Yazıkova Cənubi Qafqaz regionunda münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsinə toxunmuşdur. Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafında vəziyyət ölkələrimizin dövlətlərarası münasibətlərindən və xarici siyasətindən kənarda müzakirə oluna bilməz. A.Yazıkovanın fikrincə, dondurulmuş münaqişələri dinc yolla həll etmək üçün ölkələrimizin maraqlarını yaxınlaşdırmaq və təmas nöqtələri tapmaq lazımdır. Həll olunmamış münaqişələr regionun heç bir ölkəsinin mənafeyinə uyğun deyil və dövlətlərin inkişafına mane olur.
Tədbirdə Rusiyanın miqrasiya siyasəti, ÜAK-ın həmvətənlərimizin yaşadıqları ölkəyə uyğunlaşmasında onlara kömək göstərilməsinə yönəldilmiş fəaliyyəti ilə bağlı məsələlər də müzakirə olunmuşdur.