MOSKVADA BƏXTİYAR VAHABZADƏNİN YARADICILIQ GECƏSİ KEÇİRİLMİŞDİR
Gecəni RF Jurnalistlər İttifaqının üzvü Cəfər Sadıq açaraq, ölkəmizin ədəbi-mədəni irsinin Moskvada geniş yayılmasının, Rusiyada yaşayan həmvətənlərimizin diqqətini müasir yazıçılarımızın yaradıcılığına cəlb etməyin vacibliyini vurğulamışdır.
“Ocaq” cəmiyyətinin sədri professor Tofiq Məlikov, - onun təşəbbüsü ilə Moskvada tez-tez Azərbaycan yazıçılarının yaradıcılıq gecələri keçirilir, - xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından, onunla tanışlığından və çoxillik dostluğundan danışmışdır.
Gecəyə toplaşanlar Rusiya Yazıçılar İttifaqının üzvü, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi şair Nəsib Nəbioğlunun xatirələrini maraqla dinləmişlər.
Gecədə çıxış edən islamşünas alim, professor Qasım Kərimov, “Şəhriyar” poeziya klubunun katibi Vasif Məmmədov, Rusiya Yazıçılar İttifaqının üzvü Sabir Abdulla, keçmiş diplomat Ramiz Abutalıbov və başqaları Bəxtiyar Vahabzadənin vətəndaş mövqeyini, torpaq, millət təəssübkeşliyi ilə köklənmiş poeziyasını xüsusi vurğulamışlar.
Gecədə B.Vahabzadənin şeirləri oxunmuş, şeirlərinə bəstələnmiş mahnılar səslənmişdir.
Yaradıcılıq gecəsi azərbaycanlı uşaq və gənclərin “Gülüstan” poeması əsasında hazırladıqları kompozisiya ilə başa çatmışdır.