MOSKVADA MATƏM GECƏSİ
Əvvəlcə, ölkəmizin dövlət himni səsləndi.
Matəm gecəsini Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev açdı. O, Azərbaycanın dahi oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin həyatdan getməsini bir daha ürək ağrısı ilə xatırladaraq dedi ki, xalqımız böyük öndərimizin irəli sürdüyü milli ideya ətrafında sıx birləşməklə bütün təhlükələrə qətiyyətlə sinə gərə bilər. Qanlı yanvar hadisələri azadlıq uğrunda mübarizəmizin tarixinə əbədi yazılmışdır və bugünkü gecə də həmin qanlı-qadalı günlərdə həlak olmuş günahsız insanların xatirəsinə həsr edilir.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü, “Voprosı istorii” jurnalının baş redaktoru Əhməd İsgəndərov dedi ki, Azərbaycan xalqı üçün bu qara tarixi – 1990-cı ilin 20 Yanvar gününü qeyd edərkən ürək ağrısı keçirməmək, sovet qoşunlarının torpağımıza həyasızcasına və xaincəsinə müdaxiləsini xatırlayarkən hiddət və nifrət hisslərini boğmaq çətindir. Biz Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş o günlərin qəhrəmanlarının müqəddəs xatirəsini həmişə ehtiramla anacağıq. Ə.İsgəndərov bildirdi ki, qanlı 20 Yanvar hadisələri o vaxt hakimiyyətdə olan siyasətçilərin də, onların yeritdikləri siyasətin də yalan və saxta olduğunu nümayiş etdirdi. Bu siyasətçilər düşünürdülər ki, bütün problemləri ancaq zorakılıq yolu ilə həll etmək olar. O, həmin azğınlıqların günahkarlarının indiyədək cəzasını almamasından təəssüfləndiyini söylədi.
Rusiya Yazıçılar İttifaqının üzvü Alla Axundova vurğuladı ki, biz heç nəyi unutmamışıq və heç zaman da unutmayacağıq. Azərbaycan xalqına qarşı törədilmiş bu azğınlıq və alçaqlıq bağışlanıla bilməz, beynəlxalq ictimaiyyət bütün həqiqətdən tam xəbərdar olmalıdır. O, çıxışını faciəli 20 Yanvar hadisələrinə həsr etdiyi şerlə bitirdi.
Həmin hadisələrin şahidi, dünyanın “qaynar nöqtələrində” işləyən müstəqil operator və rejissor Etibar Cəfərov o faciəli günləri lentə almağa müvəffəq olduğunu və bu sənədli filmin xaricdə göstərildiyini bildirdi.
ÜAK-ın prezidenti Məmməd Əliyev Azərbaycan diasporunu bütün ümummilli problemlərdə birgə çıxış etməyə, birlik və həmrəylik göstərməyə çağırdı.
Matəm gecəsinin bütün iştirakçıları yekdil fikirdə olduqlarını söylədilər ki, bu qanlı hadisələrin baisləri əməllərinə görə məsuliyyət daşımalı və layiqli cəzalarını almalıdırlar.