Moskvada qar örtüyünün hündürlüyü 65 illik rekordu təzələyə bilər
Bakı, 13 fevral, AZƏRTAC
Moskvada qar örtüyünün hündürlüyü son 65 ilin rekordunu yeniləyə bilər.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun sözlərinə görə, 2013-cü ilin martında Moskvada qar örtüyünün qalınlığı 56 santimetr olmuşdu. “Tamamilə mümkündür ki, biz 1956-cı ildə qeydə alınmış rekordu da qıra bilək. O vaxt yağan qarın hündürlüyü 60 santimetrə çatmışdı”, - deyə mütəxəssis bildirib.
Cümə axşamı günü Moskvada güclü qar yağmağa başlayıb. Fevralın 11-dən 12-nə keçən gecə Rusiya paytaxtına aylıq normanın 70 faizindən çox yağıntı düşüb. Yağıntının fevralın 14-dək davam edəcəyi və bu müddətdə qar örtüyünün hündürlüyünün 50 santimetrə çatacağı proqnozlaşdırılır.
Əlverişsiz hava şəraiti ilə əlaqədar yerüstü nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Avtomobillər qara batır, yollarda 10 baladək tıxaclar yaranır. Moskva aeroportlarında isə 50-dən çox aviareys ləngiyib.