MOSKVADA “SƏYAHƏT VƏ TURİZM” BEYNƏLXALQ SƏRGİSİ AÇILMIŞDIR
Azərbaycan nümayəndə heyətinə gənclər, idman və turizm nazirinin müavini Teymur Mehdiyev başçılıq edir.
Müasir tələblərə müvafiq surətdə qurulan stenddə ölkəmizin, konkret olaraq, “İmprotex Travel” şirkətinin, “Grand Hotel Europe Baku” və “Crescent Beach Hotel” mehmanxanalarının turizm imkanları kifayət qədər geniş təmsil olunmuşdur.
Burada Bakının və ümumən, Azərbaycanın xəritələri, paytaxtımıza və bütün bölgələrimizə dair soraq kitabçaları, mətbu nəşrlər - Bakıdakı və onun hüdudlarından kənardakı bütün mehmanxana və mehmanxana komplekslərinin görünüşləri təsvir olunmuş “Azərbaycana xoş gəlmisiniz” kataloqu, Gənclər, İdman və Turizm Nazirliyinin “Azərbaycan revyu” jurnalı, habelə respublikamızın turizm bazaları və istirahət mərkəzləri ilə tanış edən müxtəlif kitabçalar düzülmüşdür. Genişekranlı televizorda milli musiqinin müşayiəti ilə aramsız olaraq Azərbaycanın gözəl guşələrinin mənzərələri nümayiş etdirilir. Burada Qorxmaz Axundovun idarəsi ilə Moskvadakı 157 nömrəli məktəbin xalq rəqs ansamblı da çıxış edir.
Rəsmi açılış mərasimində stendin təşkilinə yaxından kömək göstərmiş səfirliyimizin, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri, habelə Moskvada təhsil alan Azərbaycan tələbələri, Rusiya və Azərbaycan KİV-lərinin təmsilçiləri iştirak etmişlər.
Yeri gəlmişkən, Azərbaycan turizm üzrə belə beynəlxalq sərgidə artıq üçüncü dəfədir iştirak edir və bu, son illər milli turizmin inkişafına müsbət təsir göstərmişdir.
Nümayəndə heyətimizin başçısı Teymur Mehdiyev AZƏRTAC-ın müxbirinə demişdir ki, bu sərgidə iştirakımızdan əsas məqsəd Azərbaycanın turizm sahəsində geniş imkanlarını göstərmək, xarici turizm şirkətlərinin diqqətini stendimizə cəlb etməkdir. Bundan başqa, bu, sərgidə iştirak edən müxtəlif dövlət orqanları, özəl şirkətlərlə əməkdaşlıq haqqında müqavilələr imzalamaq üçün yaxşı imkandır. Sərgidə iştirakımız turizmin geniş inkişaf etdiyi müxtəlif ölkələrin dövlət qurumları ilə tanış olmağa da imkan verir. Bununla yanaşı, özəl sektora dünyanın müxtəlif regionlarının məşhur turizm operatorları ilə əlaqələr yaratmaq üçün, turistlərə qarşılıqlı xidmətə dair müqavilələr bağlanması və digər tədbirlər görülməsi üçün yaxşı imkan yaranır.
T.Mehdiyev həmçinin bildirdi ki, son üç ildə Gənclər, İdman və Turizm Nazirliyi beynəlxalq turizm sərgilərində müntəzəm iştirak edir. Bu isə Azərbaycan turizminin inkişaf prosesinə müsbət təsir göstərir. O vurğuladı ki, 2003-cü ildə Azərbaycana gəlmiş turistlərin sayı ilk dəfə olaraq bir milyonu ötmüşdür və bu, nazirliyin, özəl şirkətlərin beynəlxalq sərgilərdə iştirakının nəticəsidir. T.Mehdiyev Azərbaycanın ötənilki Berlin beynəlxalq sərgisini misal göstərdi. Həmin sərgidən sonra təkcə “Azinturist” şirkəti 30-dək beynəlxalq müqavilə bağlamış və Bakıda 12 turist qrupunu qəbul etmişdir.
O, milli turizmin indiki vəziyyətindən və inkişaf perspektivlərindən danışaraq dedi ki, son üç ildə bu sektorun inkişafı sahəsində ciddi irəliləyiş müşahidə olunur. Təkcə Bakıda deyil, müxtəlif bölgələrimizdə də turizm obyektlərinin tikintisi sahəsində fəal iş görülür, yəni dünya standartlarına uyğun olan müasir turizm infrastrukturu yaradılır. Bununla yanaşı, əcnəbi tərəfdaşlarla fəal əməkdaşlıq üçün əlverişli şərait də yaradılır. Bu istiqamətdə də müəyyən uğurlar var. Məsələn, 2003-cü ildə Azərbaycanda 29 turizm şirkəti fəaliyyət göstərirdisə, indi onların sayı 4 dəfə artaraq 112-yə çatmışdır. Dünya Turizm Təşkilatı ilə də sıx tərəfdaşlıq münasibətləri yaradılmışdır. Bu xətlə Azərbaycana respublikamızın turizm sahəsində imkanlarını öyrənmək üçün vaxtaşırı ekspertlər göndərilir. Həm DTT ilə, həm də digər beynəlxalq turizm təşkilatları ilə daim informasiya mübadiləsi aparılır.
T.Mehdiyev sonda bildirdi ki, Azərbaycan zəngin və gözəl təbiətə, misilsiz tarix və mədəniyyət abidələrinə malikdir və şübhəsiz, dövlətin və biznesin birgə səyləri ilə bu sahədə respublikamız dünya turizm məkanında layiqli yer tutacaqdır.
Azərbaycan stendi digərlərindən öz gözəlliyi ilə fərqlənir və hamının diqqətini cəlb edir.
Sərgi martın 27-dək işini davam etdirəcəkdir.