MOSKVADA “VAHİD RUSİYA” PARTİYASI İLƏ RF-NİN MİLLİ İCTİMAİ BİRLİKLƏRİ ARASINDA SAZİŞ İMZALANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 3-də Moskva Millətlər Evində “Vahid Rusiya” Partiyası ilə RF-nin 21 federal milli mədəni muxtariyyəti və milli ictimai birliyi arasında əməkdaşlıq və qarşılıqlı əlaqə haqqında saziş imzalanmışdır. Bu aksiya dekabrın 2-də keçiriləcək parlament seçkiləri ərəfəsində - noyabrın 4-də qeyd edilən Xalq birliyi gününə həsr olunmuşdur.
Sazişi “Vahid Rusiya” adından partiyanın Baş şurası rəyasət heyəti katibinin müavini, Dövlət Duması sədrinin birinci müavini Oleq Morozov, digər tərəfdən isə Rusiyadakı bütün diaspor təşkilatlarının rəhbərləri, o cümlədən Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru Eldar Quliyev imzaladılar.
Xalq birliyi günü münasibətilə Rusiya vətəndaşlarına müraciət qəbul edildi. Prezident Vladimir Putinə və “Vahid Rusiya” Partiyasına dəstək ifadə olunan müraciətdə milli ictimai təşkilatlar Rusiya rəhbərliyinin milliyyətindən və dinindən asılı olmayaraq, bütün vətəndaşların real bərabərlik zəminində keyfiyyətcə yeni həyat tərzinə, ölkənin etnomilli irsinin rəngarənliyinin saxlanılmasına yönəldilmiş xəttini alqışlayırlar. Sənəddə deyilir: “Milli və dini zəmində cinayətkarlıqla mübarizənin gücləndirilməsini, həmrəy ictimai fəaliyyəti, siyasi partiyaların, dini və milli birliklərin, həmkarlar ittifaqlarının, işəgötürənlərin, bütün vətəndaş təsisatlarının səylərinin birləşdirilməsini Rusiya millətinin sıx birləşməsinin ən vacib şərti sayırıq. Biz əcnəbilərə nifrət və ekstremizm təzahürlərinə yalnız birlikdə qalib gələ bilərık”.
Sazişin əhəmiyyətindən danışan Oleq Morozov bildirdi ki, Rusiyanın milli təşkilatları ilə əməkdaşlıq və onların varlığı böyük qüvvədir. Bu, əslində, çoxmillətli böyük Rusiyanın ümumiləşdirilmiş obrazıdır. Bu, sadəcə, əlamətdar, hətta taleyüklü hadisədir, çünki 21 böyük milli mədəni birlik “Vahid Rusiya” Partiyası ilə qarşılıqlı əlaqələr haqqında ilk dəfə saziş imzalamışdır. Bizi elə prinsiplər birləşdirir ki, Rusiyanın milli siyasətini həmin prinsiplərlə həyata keçirmək niyyətindəyik. Bu, demokratik federalizm, bütün millətlərin, etnosların, mədəniyyətlərin bərabərliyi, hər bir vətəndaşın hüquqlarının bərabərliyi prinsipləridir.