MOSKVADAKI “ROMEN” TEATRININ SÖNMƏYƏN ULDUZU
Qeyd etmək lazımdır ki, T.Ağamirova Azərbaycanın kinematoqrafiya tarixinə də daxil olmuşdur. Axı, o, kinorejissor Əjdər İbrahimovun bir sıra filmlərində çəkilmişdir. “Onun böyük ürəyi” filmi yaşlı nəslin nümayəndələrinə yaxşı tanışdır. Azərbaycan kinosunun klassikasına çevrilən bu filmdə onun tərəfdaşları gözəl Leyla Bədirbəyli, Nodar Şaşıkoğlu, Gündüz Abbasov... idilər.
Filmdə yaratdığı gənc azərbaycanlı qadının nurlu siması, yəqin ki, onun özünə də yaxın idi. Axı, aktrisa Bakıda doğulub boya-başa çatmışdır.
...Qayğısız uşaqlıq illəri 1937-ci ildə - Tamillanın valideynləri “xalq düşmənləri” kimi repressiya edildikdən sonra başa çatdı. Qızcığaz mükəmməl təhsil alan və heç də qadın peşəsi olmayan neft mühəndisi peşəsinə yiyələnən ilk azərbaycanlı qadınlardan biri sayılan gözəl qadının - bibisinin ailəsində tərbiyə edildi. Suğra xanım bu ağır zamanda Tamillaya, əslində, analıq etdi.
Tamillanın yeniyetməlik çağları qanlı-qadalı müharibə illəri ilə bir vaxta düşdü... Bakının küçələrində bombalar partlamasa da, evlər uçmasa da, şəhər sakinləri, eləcə də bütün Azərbaycan əhalisi sonuncu və ən əziz əşyalarını cəbhə üçün verirdilər ki, Qələbəni yaxınlaşdırsınlar.
...Qələbə baharı ilə birlikdə gəncliyin ən gözəl çağı da gəldi. O vaxtlar arzuların həddi-hüdudu yox idi... Doğrusu, Tamillanın çox böyük heyranlıqla baxdığı populyar Amerika filmlərində olduğu kimi, bütün arzuları həyata keçdi, hər şey baş tutdu...
Ötən əsrin 50-ci illəri... Bu gənclərin elə bil xüsusi şövqlə qurub-yaradıqları dövrdür... Bakı Teatr Texnikumunun tələbəsi olan Tamilla təhsilini Moskvada – A.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda davam etdirmək qərarına gəlir. Burada onu dərhal 3-cü kursa qəbul edirlər. Onun gur şabalıdı saçları, iri cazibədar gözləri, şən xasiyyəti vardı. Hamı deyirdi ki, rəngbərəng qaraçı şalları ona çox gözəl yaraşır...
Təhsilini başa çatdıran gənc aktrisa Tamilla Ağamirovanı o vaxt Sovet İttifaqında çox populyar olan “Romen” Qaraçı Teatrına qəbul edirlər. O, teatrın səhnəsində göstərilən tamaşalarda uğurla oynayır, konsert proqramlarında iştirak edir...
Həmin illər daha bir gənc qəlbən bu teatrın aktyoru olmağa çalışırdı... Ukraynada, qaraçılara xas çoxuşaqlı ailədə doğulan Nikolay Sliçenkonun yaşadığı kəndə alman faşistləri gələndə o, balaca idi. Hər həftə kənd meydanında kütləvi edamlar təşkil olunurdu. Belə edamların birində Nikolayın atasını güllələdilər, anasını isə 4 uşaqla birlikdə qonşular gizlətdilər. Müharibədən sonra birlikdə təsərrüfatı bərpa etməyə başladılar. Şən, istedadlı gənc hamının sevimlisi idi. O, çox gözəl oxuyur və rəqs edirdi.
Yaşlı nəslin sevimlisi, müğənni, aktyor, rejissor, pedaqoq Nikolay Sliçenko uzun illərdir Qnesinıx adına musiqi məktəbində, Rusiya Teatr Sənəti İnstitutunda dərs deyir və artıq 40 ildir “Romen” teatrının əvəzsiz rəhbəridir. Bu yaxınlarda Moskvadakı Ulduzlar Meydanında bu istedadlı artistin şəxsi ulduzu parlamışdır.
Tamilla Ağamirova və Nikolay Sliçenko teatrda çalışdıqları o gözəl çağlardan bəri bir yerdədirlər, onların 3 övladı, nəvə və nəticələri var...
Onlar qızını da Tamilla adlandırmışlar, nəvələrindən birinin də adı Tamilladır.
Tamilla... Bu ad Azərbaycanda çox sevilir və geniş yayılmışdır. Axı, burada inanırlar ki, əgər qızını Tamilla adlandırsan, o, sağlam və gözəl böyüyəcək və həyatda bütün arzularına çatacaqdır. Ola bilsin, Tamilla Ağamirovanın ailəsində inanırlar ki, bu ad xoşbəxtlik gətirən tilsimdir.