Moteldə icarəyə götürdüyü otaqda arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də saat 02 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən “Salt” motelində rayon sakini Şəhanə Şamilovanın icarəyə götürülmüş otaqda bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılmış istintaqla zərərçəkmişin əri Murad Şamilovun həmin moteldə icarəyə götürdükləri otaqda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Şəhanə Şamilovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Murad Şamilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.