MTK sədrinin təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanıb
Bakı, 15 noyabr, AZƏRTAC
“Qələbə-İnşaat” Mənzil Tikinti Kooperativinin (MTK) sədri Vasif Sarxanovun qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırmalarla Vasif Sarxanovun MTK-nın direktoru vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədilə paytaxtın Yasamal rayonunun H.B.Zərdabi prospekti 71A ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, kirayə verilməsi ona həvalə edilən və özgənin mülkiyyətində olan qeyri-yaşayış sahəsini saxta sənədlər əsasında digər şəxsə yenidən satmasına əsaslı şübhələr müəyyənləşdirilib.
Vasif Sarxanova Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.