Müasir dünya və azərbaycanlıların soyqırımı həqiqətləri
Bakı, 28 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Müasir dünya və azərbaycanlıların soyqırımı həqiqətləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək 1918-ci il martın 30-dan aprelin 2-dək Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında erməni terror təşkilatları tərəfindən törədilmiş faciələrdən danışmışdır. Rektor Azərbaycan xalqının başına gətirilmiş faciə və qırğınların beynəlxalq səviyyədə tanıdılması üçün bu cür konfrans və tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.
Tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların zorla öz ata-baba yurdlarından qovulmasından, keçmiş SSRİ rəhbərliyinin, həmçinin o dövrdə Azərbaycana rəhbərlik edən ermənilərin həyata keçirdikləri deportasiya siyasətindən danışmışdır.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Qafar Əliyev çıxış edərək 31 mart soyqırımından söhbət açmış, 1987-ci ildə təkrar başlamış deportasiya siyasətindən, həmçinin ermənilərin Dağlıq Qarabağda başladıqları müharibə nəticəsində çoxlu sayda azərbaycanlıların faciəli şəkildə qətlə yetirilməsindən danışmışdır.
Konfrans işini digər çıxışlarla davam etdirmişdir.