MÜDAFİƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir demişdir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Avropanın təhlükəsizlik strukturları ilə fəal əməkdaşlığa başlayıb. Bu prosesə mane olmaq üçün bəzi dövlətlərin səyi ilə süni surətdə Ermənistan-Azərbaycan münaqişəsi yaradılmışdır.
General-polkovnik Səfər Əbiyev Ermənistanla müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etməsindən və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vəziyyətindən söhbət açmış, Azərbaycan-Avropa İttifaqı münasibətləri ətrafında geniş fikir mübadiləsi aparmışdır.
P.Semnebey Azərbaycanda qaçqınlar probleminin olduğunu söyləyərək qeyd etmişdir ki, Avropa İttifaqı bu problemin həllinə dərindən nüfuz edəcəkdir. Avropa İttifaqı bütün münaqişələrin yalnız sülh yolu ilə həllini təklif edir. Biz münaqişə tərəfləri arasında qarşılıqlı inamın yaradılmasının tərəfdarıyıq. O demişdir: “Ermənistan Azərbaycana hərbi müdaxilə etdiyinin mənfi nəticələrini hiss edir. O, bunu regiondakı iqtisadi layihələrdən kənarda qalmasının əsas səbəbi kimi qəbul edir.”
General-polkovnik Səfər Əbiyev bildirmişdir ki, Ermənistan bir tərəfdən Azərbaycan torpaqlarını işğal edib, o biri tərəfdən isə Azərbaycanla qarşılıqlı inam yaratmaq istəyir. Biz onlara inanmırıq. Ermənistan qarşılıqlı inam yaratmaq istəyirsə, tezliklə öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmalı, qaçqın və köçkünlər öz yurd-yuvalarına qayıtmalı, işğal olunmuş ərazilərdə infrastruktur bərpa olunmalıdır. Bundan sonra iki dövlət arasında qarşılıqlı inam yarana bilər. Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq normaları əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Müdafiə naziri Azərbaycan-NATO əlaqələrindən söhbət açaraq bildirmişdir ki, bu əməkdaşlıq Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı çərçivəsində davam edir. Azərbaycan bütün dövlətlərlə münasibətlərində beynəlxalq hüquq normalarının və qanunlarının tələblərini yerinə yetirir. Bunu Ermənistan dövlətindən də tələb etmək lazımdır.
Səfər Əbiyev Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsinin həllində əlindən gələni edəcəyinə inamını söyləmişdir.