COP29
Murat Kurum: Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərini fürsətə çevirmək qabiliyyətinə malikdir
Bakı, 13 noyabr, AZƏRTAC
Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərinə məruz qalan, eyni zamanda, bu böhranı fürsətə çevirmək qabiliyyətinə malik olan bir ölkədir. Biz COP31-in sədrliyinə böyük əhəmiyyət veririk. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin COP31-ə ev sahibliyinə namizədliyini bütün dünyaya açıqladı.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyənin iqlim vizionu ilə bağlı açıqlamasında söyləyib.
COP31 üçün Türkiyənin əsas baxışını ortaya qoyan öhdəliklərindən danışan nazir deyib: “Türkiyə sədrliyi dövründə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim fəaliyyətini gücləndirən körpü olacaq. O, istisnasız olaraq bütün ölkələr üçün iqlim ədalətinə uyğun texnologiya axını və maliyyə paylaşımını tam dəstəkləyəcək. İqlimə davamlı və uyğun bir şəhər modelinin inkişaf etdirilməsi nöqtəsində ən qətiyyətli addımları atacaq. Bütün gücü ilə dünyanın kövrək bölgələrinin, xüsusən də Aralıq dənizi-Afrika-Sakit okean hövzəsinin dayanıqlığının artırılmasına diqqət yetirəcək”.