Murmansk vilayət kitabxanasında Azərbaycan ədəbiyyatı gecəsi keçiriləcəkdir
Bakı, 13 aprel (AZƏRTAC). Murmansk Dövlət Universal Elmi Kitabxanasında xarici ədəbiyyat şöbəsi fəaliyyət göstərir. Burada bir çox dillərdə, o cümlədən Azərbaycan dilində kitablar saxlanılır. Bu kitablar arasında tanınmış Azərbaycan yazıçılarının müxtəlif illərdə işıq üzü görmüş 100-dən çox əsəri, Azərbaycana, xalqımızın adət-ənənələrinə həsr olunmuş fotoalbomlar, rusca-Azərbaycanca və Azərbaycanca-rusca lüğətlər var.
Yaxın günlərdə kitabxanada Azərbaycan ədəbiyyatı gecəsi keçiriləcəkdir.
Murmansk vilayəti hökumətinin İctimai təşkilatlarla qarşılıqlı əlaqələr və gənclərin işləri Komitəsinin məsləhətçisi Rimma Nikolayeva azərbaycanlı jurnalistlərlə görüşündə demişdir: “Bizim məqsədimiz Şimal sakinlərini hər bir xalqın, o cümlədən Azərbaycan xalqının adət-ənənələri və mədəniyyəti ilə tanış etməkdir. İctimai təşkilatlar təhsil və mədəniyyət müəssisələri ilə birlikdə ədəbi gecələr, ölkəşünaslığa dair bədii qiraət, Murmansk Vilayət Ölkəşünaslıq Muzeyində və Murmansk Rəssamlıq Muzeyində, sərgi salonları və mədəniyyət mərkəzlərində, Lovozero kəndinin milli-mədəniyyət mərkəzində Kola yarımadası xalqlarının tətbiqi sənət əsərlərinin sərgiləri təşkil edirlər”.
R.Nikolayeva demişdir: “Ümumrusiya Azərbaycan Konqresinin vilayət bölməsinin fəalları olan azərbaycanlılar ictimai imkanlarını genişləndirirlər. İndi onlar tədbirə hazırlıq işləri aparırlar”.
Gecədə oxucular bədii kitablar, fotoalbomlar və dövri nəşrlərlə tanış olacaqlar. Nəşrlərin əksəriyyətini Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu təqdim etmişdir.
Bundan əlavə, dünya şöhrətli Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar İttifaqının katibi Çingiz Abdullayevin Rusiyanın aparıcı nəşriyyatları tərəfindən nəşr olunan yeni əsərləri təqdim ediləcəkdir.
Tədbirdə ictimai təşkilatların, yaradıcılıq birliklərinin nümayəndələrinin, Rusiya Yazıçılar İttifaqının Murmansk bölməsinin üzvlərinin, jurnalist və tələbələrin, Murmanskın orta ümumtəhsil məktəblərinin şagird və müəllimlərinin iştirakı gözlənilir.