Murmanskda Çingiz Abdullayevin yeni kitabı təqdim olunur
Bakı, 14 aprel (AZƏRTAC). “Bakı bulvarı”, “Kandaqardan olan agent”, “Ədəbli adam”, “Süqut. İmperiyanın dəfni”... daha neçə-neçə maraqlı kitablar. Bütün bu macəra əsərləri dünya şöhrətli Azərbaycan yazıçısı Çingiz Abdullayevin qələminin məhsuludur. Yazıçının ilk kitabı - “Mavi mələklər” 1988-ci ildə Bakının “Yazıçı” nəşriyyatında 30 000 tirajla nəşr edilmişdir. Hazırda yazıçının əsərləri dünyanın 29 dilinə tərcümə edilmişdir. Çingiz Abdullayevin ədəbi məhsuldarlığı haqqında əfsanələr gəzir. O, 160 roman və povestin, bir sıra hekayələrin, 400-dən çox publisistik məqalənin, 50-dən çox ssenarinin müəllifidir.
Onun kitabları MDB ölkələrində və Baltikyanı dövlətlərdə, habelə ABŞ-da, Böyük Britaniya, Fransa, Polşa, Bolqarıstan, Türkiyə, Albaniya və digər ölkələrdə ümumilikdə 26 milyondan çox tirajla nəşr edilmişdir. Müəllifin əsərləri və ssenariləri əsasında 7 film və 2 serial çəkilmişdir.
Çingiz Abdullayev yaradıcılığının Rusiyada da xeyli pərəstişkarı vardır. Bu günlərdə Murmanskın kitab mağazalarında tanınmış Azərbaycan yazıçısının yeni kitablarının təqdimatı keçirilir. Murmanskdakı Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, Ümumrusiya Azərbaycan Konqresi regional bölməsinin kitabxanası Çingiz Abdullayevin yeni əsərləri ilə zənginləşmişdir. Kitabxanada müəllifin imzası ilə hədiyyə etdiyi xeyli kitab vardır.