MURTUZ ƏLƏSGƏROV: AZƏRBAYCAN İŞĞALÇI, TERRORU DƏSTƏKLƏYƏN DÖVLƏTLƏRLƏ MÜQAYİSƏ OLUNMAMALIDIR
Qonaqları səmimi salamlayan parlamentin sədri xatırlatmışdır ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetirmiş, onun tövsiyə etdiyi 40-dan çox konvensiyanı təsdiqləmişdir. İnsan hüquqları sahəsində də mühüm addımlar atılmış, vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququnu təmin edən “Konstitusiya Məhkəməsi haqında” Qanun qəbul olunmuşdur. İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də xeyli iş görülmüşdür. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1995-2003-cü illər ərzində 33 əfv Fərmanı imzalayaraq, 3 mindən çox məhkumu əfv etmişdir. Milli Məclis isə 7 amnistiya aktı qəbul etmişdir ki, bu da 80 min nəfərə şamil olunmuşdur. Avropa Şurasının Azərbaycandakı QHT-lərin sənədlərinə əsasən məhbuslar barədə hazırladığı siyahısı da ətraflı öyrənilmiş, Prezident İlham Əliyevin 2003-cü il 29 dekabr tarixli əfv Fərmanı ilə həmin şəxslərin böyük əksəriyyəti azadlığa buraxılmışdır. İctimai televiziya və radio haqqında da yeni qanun qəbul edilmişdir. Ölkəmizdə milli azlıqların qorunması üçün yeni qanun layihəsi hazırlanır. Cənubi Qafqaz ölkələrindən ilk dəfə Azərbaycanda bütün demokratik dəyərlərə cavab verən Seçki Məcəlləsi qəbul olunmuş və 2003-cü il prezident seçkiləri məhz bu sənədlə keçirilmişdir. Həmin seçkilərdə xalqımız İlham Əliyevi Prezident seçmişdir. Amma bəzi müxalif qüvvələr seçkilərin nəticələri ilə barışmaq istəməmiş və Bakıda kütləvi iğtişaşlar törətməyə cəhd etmişlər. Bu hadisələrlə bağlı saxlanılanların 400 nəfərdən çoxu buraxılmış, bəzilərinin işi məhkəmələrdə, bir qisminin isə işi istintaqdadır.
Ətraflı məlumat üçün minnətdarlıq edən Pyetro Erkol Aqo demişdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bəzi öhdəliklərin obyektiv səbəblər üzündən yerinə yetirilmədiyini başa düşürük. Ona görə də Azərbaycana əlavə vaxt verilmişdir. Qonağın fikrincə, 15-16 oktyabr iğtişaşları zamanı saxlanılan digər şəxslərin də işi tezliklə məhkəməyə verilməlidir. Əks halda, onları da siyasi məhbus siyahısına daxil edə bilərlər.
Azərbaycanın bəzi məsələlərdə Ermənistanla müqayisə olunmasına etirazını bildirən Murtuz Ələsgərov xatırlatmışdır ki, Azərbaycan Cənubi Qafqazda ölüm hökmünü ilk ləğv edən ölkədir. Ermənistan isə bu addımı bu yaxınlarda atmışdır. Ermənistan parlamentində terror aktı baş verir, 7 nəfər qətlə yetirilir, Ermənistanın işğalçı dövlət olması, terroru dəstəkləməsi beynəlxaq sənədlərdə öz əksini tapır, amma qərb dövlətləri yenə də ikili standartlardan əl çəkmir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.