MÜSABİQƏ BAŞA ÇATMIŞDIR
Dünyanın tanınmış musiqiçi və mədəniyyət xadimlərindən ibarət münsiflər heyətinin yekdil qərarına əsasən, müsabiqənin Qran-Pri mükafatına (10 min ABŞ dolları) Əbdumalik Əbdukayumov (Özbəkistan) layiq görülmüşdür. Tatyana Qanina (Ukrayna), Georgi Oniani (Gürcüstan) I mükafata, Anna Viktorova, İlya Pavlov (Rusiya), Mahirə Quliyeva (Azərbaycan) II mükafata, Dinarə Əliyeva (Azərbaycan), Yekaterina Stroşenko (Ukrayna), Sofi Qordeladze (Gürcüstan) III mükafata, Elçin Əzizov, Əvəz Abdullayev (Azərbaycan), Mamuka Lomidze (Gürcüstan) IV mükafata, Tszyan Şan Jun (Çin), Mamuka Tepnadze (Gürcüstan) V mükafata layiq görülmüşlər.
Münsiflər heyətinin qərarı ilə müsabiqədə ən yaxşı tenor ifaçısı nominasiyasında Georgi Oniani (Gürcüstan), ən yaxşı xalq mahnısı ifaçısı nominasiyasında Fərid Əliyev (Azərbaycan), Bülbülün repertuarından ən yaxşı romansın ifasına görə nominasiyasında isə İlya Pavlov (Rusiya) fərqlənmişlər.
Bülbül fondunun Bakı Musiqi Akademiyasının (BMA) müsabiqədə iştirak edən ən istedadlı tələbəsi üçün təsis etdiyi xüsusi təqaüdə (ayda 500 min manat) Səidə Şərifəliyeva layiq görülmüşdür. Münsiflər heyəti sədrinin müavini, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli tərəfindən təsis olunmuş “Ümid” mükafatı özbəkistanlı Cəbrayıl İdrisova təqdim ediləcəkdir.
Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və onların iştirakı ilə yekun konserti dekabrın 8-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcəkdir.