MÜŞFİQ İSAYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ TURNİRİN QALİBLƏRİ MƏLUM OLMUŞDUR
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Bakı İdman Sarayında güləş üzrə idman ustası, 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq turnirin qalibləri məlum olmuşdur.
Yarışda Azərbaycan, Gürcüstan, Finlandiya, Özbəkistan, Rusiya, Ukrayna və İrandan 115 idmançı mübarizə aparmışdır.
Turnirdən bir gün əvvəll yarış iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar. Bundan sonra Şəhidlər xiyabanına gedən turnir iştirakçıları vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının xatirəsini yad etmişlər.
Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, idmanda da uğurların əldə edildiyini söyləmişdir. Artıq ənənə halını alan bu beynəlxalq yarış gənc Azərbaycan güləşçilərinin gələcək uğurlarının əsasını qoymuşdur.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Müşfiq İsayevin qardaşı X.İsayev bu yarışın qardaşının xatirəsinə layiqli töhfə olduğunu bildirmişdir. X.İsayev son illərdə Bakı turnirinin inkışaf etdiyini vurğulayaraq, artıq iki ildir ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) təqviminə salındığını söyləmişdir.
FİLA-nın rəsmisi Sergey Novakovski isə Azərbaycanın güclü güləş ənənələrinin olduğunu xatırlatmışdır. O demişdir ki, əgər M.İsayev yaşasaydı, mən şübhə etmirəm ki, o, dünya çempionu ola bilərdi.
Güləş Federasiyasının baş katibi Cavid Qurbanov Azərbaycan güləşçilərinin son illər beynəlxalq yarışlarda qazandığı uğurları xatırladaraq yarışları açıq elan etmişdir.
Yarışın nəticələrinə əsasən, Xoliso İoromaşvili (42 kq, Gürcüstan), Araş Dangesaraki (46 kq, İran), Kənan Quliyev (50 kq, Azərbaycan), Zurabi Likobişvili (54 kq, Gürcüstan), Levan Kelaxaşvili (58 kq, Gürcüstan), Rovşanjon İbrahimov (63 kq, Özbəkistan), Kazım Abbasov (69 kq, Azərbaycan), Kamran Yunusov (76 kq, Azərbaycan), Şamil Qurbanəliyev (85 kq, Rusiya), Sərdor Akmadov (100 kq, Özbəkistan) turnirin qalibi adını qazanmışlar.
Ümumi komanda hesabında Azərbaycan yığması birinci olmuşdur. Gürcüstan ikinci, İran millisi isə üçüncü yeri tutmuşdur.
######
![]() |
![]() |

