MUSİQİNİ UCADAN DİNLƏYƏN YENİYETMƏLƏR ARTIQ 30 YAŞINDA EŞİTMƏ QABİLİYYƏTİNİ İTİRƏCƏKLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, alimlər həyəcan təbili çalıb deyirlər ki, əgər əvvəlki nəslin nümayəndələri eşitmə qabiliyyətini 60-70 yaşlarında itirirdisə, hazırda 40 yaşlı karlara tez-tez rast gəlirsən. Bu prosesdə istehsalçıların da təqsiri böyükdür. Tədqiqatçıların 105 desibeldən uca səsin eşitmə qabiliyyətinə patoloji təsir göstərdiyi barədə xəbərdarlıqlarına baxmayaraq, bir çox pleyerlərin səsi təcili yardım siqnalından uca olub, 120 desibelə bərabərdir.
Uca səs eşitmə aparatına, o cümlədən səsləri alıb-çatdıran qulaqdaxili tellərə güclü mənfi təsir göstərir. Qulaqdaxili tellər insan yaşa dolduqca ölür, lakin həddən ziyadə uca səsin daimi təsiri bu prosesi tezləşdirə bilər. Alimlər xəbərdarlıq edirlər ki, qulaqdaxili tellərin məhv olması eşitmə qabiliyyətinin vaxtından əvvəl pisləşməsi prosesini dönməz edir.
Qulaqla bağlı problemlərdən qaçmaq üçün MP-3 pleyerini bir saatdan çox olmayaraq, maksimum səsin 60 fazi səviyyəsində dinləmək məsləhət görülür.