Müstəqillik Günü - tarixi həqiqətin bərpası
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan xalqı Qafqaz regionunda ən qədim dövlətçilik ənənəsinə malik olan xalqdır. Eradan əvvəl III minillikdən müasir dövrədək Azərbaycan ərazisində 50-yə yaxın dövlət mövcud olub. Azərbaycanın tarixi-coğrafi hüdudları da məhz bu dövlətlərin sərhədləri əsasında formalaşıb. Əsrlər boyu işğalçı imperiyalara qarşı mübarizə aparan, düşmənin məkrli planlarını həm siyasət, həm də döyüş meydanlarında puç edən xalqımız son iki yüz ildə dəfələrlə tarixi ərazilərinin bölünməsi kimi faciəli tale yaşayıb. XIX əsrin birinci yarısında Rusiya imperiyası Qacarlar dövləti ilə apardığı müharibələr nəticəsində qalib gələrək Azərbaycanın tarixi-coğrafiyasını iki hissəyə - Şimali və Cənubi Azərbaycana böldü, Araz çayı isə sərhəd xətti kimi müəyyən edildi. Bununla da Şimali Azərbaycanda rus müstəmləkəçiliyi dövrü başlandı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. Onun sözlərinə görə, 1917-ci ilin fevralında Rusiyada baş vermiş inqilab nəticəsində monarxiya devrildi. Bu hadisə Azərbaycan xalqının milli azadlıq ideyalarının daha da möhkəmlənməsinə, həmçinin dövlətçilik ənənəsinin yenidən bərpa edilməsinə səbəb oldu.
“1918-ci il mayın 28-də Tiflisdə Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi”nin elan edilməsi ilə XIX əsrin birinci yarısında itirilmiş müstəqil dövlətçilik ənənəsi yenidən bərpa edildi. Nəticədə Türk-İslam dünyasında ilk demokratik və hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq qısa dövr Azərbaycan tarixində Birinci Respublika dövrü adlanır. Az ömür sürsə də, bu respublika Şərqdə bir sıra ilklərə imza atdı. Türk-İslam dünyasında ilk dəfə demokratik seçkilərin keçirilməsi, kişilərlə qadınların bərabərhüquqlu statusu, qadınlara ilk dəfə seçmək və seçilmək kimi hüququnun verilməsi məhz Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi nailiyyətləri hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən biri də qərb sərhədində Basarkeçər də daxil olmaqla Göyçə gölünün şərq hissəsinin və Zəngəzurun bütöv halda onun coğrafi hüdudları daxilində olmasıdır. Bu faktı hələ yüz il bundan əvvəl tərtib edilmiş bir sıra xəritələr də təsdiq edir. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti son gününü yaşadı. Həmin günlərdə sovet Rusiyasının işğalçı XI Qırmızı ordusu Bakıya daxil olaraq xalqımızın müstəqil dövlətçiliyinə son qoydu və Azərbaycan xalqının tarixində 70 illik sovet müstəmləkəçiliyi dövrü başlandı.
Azərbaycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 18-də xalqın tələbi ilə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul etdi. Bununla da Azərbaycanın müstəqil dövlətçiliyi yenidən bərpa edildi. Konstitusiya Aktında Azərbaycanın müstəqil, unitar və dünyəvi dövlət olması, siyasi hakimiyyətin xalqa məxsus olması, ən əsası isə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olması öz əksini tapıb. Ümummilli Lider Heydər Əliyev hələ bu qanunun qəbul edilməsindən bir neçə ay əvvəl, yəni 1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasındakı çıxışında Azərbaycanın müstəqil dövlətçilyinin bərpa olunmasını əsaslandıraraq “Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam” demişdir.
Beləliklə, Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi. Lakin son otuz ildə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün Müstəqillik Günü kimi yox, Respublika Günü adı ilə qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tariximizə yenidən işıq tutdu. 2021-ci il 15 oktyabrda Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü oldu. Bununla da tarixi həqiqət bərpa olundu”.