Müstəqillik mübarizəmizin dönüş nöqtəsi: ADAU-da 20 Yanvar tədbiri
Gəncə, 19 yanvar, Elcan Məmmədov. AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan anım tədbiri təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən və 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Daha sonra tədbir iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən qırğın və bu faciənin tarixi-siyasi mahiyyəti barədə ətraflı məlumat verilib.
Tədbiri açan universitetin prorektoru Əhməd Məlikov 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq iradəsinin sarsılmazlığının təcəssümü olduğunu bildirib. Prorektor qeyd edib ki, bu qanlı hadisə xalqımızın müstəqillik uğrunda apardığı mübarizədə dönüş nöqtəsi olmaqla yanaşı, milli birlik və həmrəyliyin bariz nümunəsidir. O, gənc nəslin bu tarixi dərslərdən düzgün nəticə çıxarmasının vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Texniki mexanika və maşın mühəndisliyi kafedrasının professoru Ziyad Abbasov, İctimai fənlər kafedrasının dosenti Samirə Qasımova və Mühəndislik fakültəsinin tələbəsi Ruslan Novruzəliyev çıxış edərək 20 Yanvar faciəsinin tarixi və siyasi aspektlərindən bəhs edib, şəhidlərin göstərdiyi qəhrəmanlığın gənc nəsil üçün örnək olduğunu bildiriblər.
Sonda universitetin tələbələri Eltun Məmmədov, Ayşə Hacıyeva və Aysel Fərəcovanın çıxışları dinlənilib.