“Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar” - elmi konfrans
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də AMEA-da “Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli konfransın Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə həsr edildiyini söyləyib, Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna nəzər salıb. Akademik bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Ölkə rəhbərinin məqsədyönlü xarici siyasətindən, neft strategiyasından, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açan AMEA rəhbəri bu gün ölkəmizin dünyada böyük söz və nüfuz sahibinə malik olduğunu xüsusilə qeyd edib.
İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın bütün sahələrdə nail olduğu tərəqqidən, o cümlədən ölkəmizdə elmə və təhsilə, mədəniyyətə, AMEA-nın inkişafına göstərilən diqqət və qayğıdan, aparılan islahatlardan bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılan yeni tarixin obyektiv elmi mahiyyətini və əhəmiyyətini bugünkü və gələcək nəsillərə çatdırmaq üçün Azərbaycan elmi ictimaiyyəti də bütün qüvvəsini səfərbər edəcək.
Konfransda Elm və Təhsil Nazirliyi Mexanika və Riyaziyyat İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov “Müstəqillik andı: möhkəm təməldən hərtərəfli inkişafa”, AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan elmi” mövzularda məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin “Qələbənin fəlsəfəsi, Zəfərin təntənəsi və Böyük Qayıdışın reallıqları”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana qayıdış strategiyası”, dövlətimizin başçısının dil siyasəti və dövlət dilinin inkişafına dəstəyi, ölkə rəhbərinin ədəbiyyat siyasəti və ədəbiyyatda bədii obrazı mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.