SİYASƏT
Mutəzz Muhy Əbdülhəmid: Erməni lobbisi dünya mediasına həqiqətləri əks etdirməyən məlumatlar verir
Bakı, 16 mart, AZƏRTAC
Ermənilərin Qarabağda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları onların necə qəddar olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İraqın Strateji Araşdırmalar üzrə Respublika Mərkəzinin sədri Mutəzz Muhy Əbdülhəmid "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində "Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” adlı plenar sessiyada çıxışı zamanı deyib.
“Azərbaycan da dəfələrlə bəyan edib ki, islamofobiya İrəvanın ideologiyasına çevrilib. Onlar bunu həyata keçirmək üçün Qərbdən dəstək alıblar. Məscidlərin dağıdıldığını, bəzi ibadət yerlərinin donuz fermasına çevrildiyini deyirdilər. Mən həmin torpaqlara səfər edərkən bunu gözlərimlə görmüşəm. Azərbaycanın tarixi məscidləri ermənilər tərəfindən təhqirlərə məruz qalıb, tövlələrə çevrilib. Onlar özləri tərəfindən yandırılan kilsələri də Azərbaycanın əməli kimi qələmə verməyə çalışırlar. Orada, ümumiyyətlə, tarixi abidələr dağıdılıb, viran qoyulub. Dini, milli zəmində məşhur olmuş şəxslərin qəbirləri dağıdılıb”, - deyə Mutəzz Muhy Əbdülhəmid bildirib.
O qeyd edib ki, ermənilər mülki insanların üzərinə bomba yağdırdılar, müharibəyə yaraşmayan hərəkətlər nümayiş etdirdilər. Erməni lobbisi dünya mediasına həqiqətləri əks etdirməyən məlumatlar verirdi. Təcavüzkar Ermənistanı, təcavüzə məruz qalan kimi göstərməyə çalışırdılar.
“İraqın Azərbaycanla çox möhkəm tarixi əlaqələri var. Biz AZƏRTAC və digər xəbər agentliklərini izləyirik, məlumatlar əldə edirik. Onların vasitəsilə Azərbaycan həqiqətlərini oxucularımıza çatdırırıq”, - deyə İraqın Strateji Araşdırmalar üzrə Respublika Mərkəzinin sədri vurğulayıb.