CƏMİYYƏT
Muxtar Babayev: Azərbaycan qlobal problemlərin həlli istiqamətində dəstəyini əsirgəmir
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan qlobal problemlərin həlli, müstəmləkədən əziyyət çəkən ölkələrin, vətəndaşların hüquqlarının qorunması istiqamətində dəstəyini əsirgəmir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.
Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə də fəal olduğunu diqqətə çatdıran M.Babayev Azərbaycanın noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladıb. Emissiya qazlarının miqdarının azaldılmasının Azərbaycanın 2030-cu il strategiyası üçün prioritet istiqamətlərdən olduğunu deyən nazir işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan edildiyini də diqqətə çatdırıb.