Muxtar respublikada biçin dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi diqqət mərkəzindədir
Naxçıvan, 31 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə tədbirlər planına uyğun olaraq “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən maarifləndirici səyyar seminar-müşavirə olub.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbir 2020-ci ildə muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, biçin zamanı taxıl zəmilərində işləyəcək kombaynların və digər kənd təsərrüfatı texnikalarının hazırlığı istiqamətində görülən işlərə həsr edilib.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovniki Ehtiram Məmmədov muxtar respublika ərazisində ot-taxıl biçini dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Texniki nəzarət və aqroservis sektorunun müdiri Valeh Mehdiyev biçin dövrü ərzində taxıl zəmilərində işləyəcək kənd təsərrüfatı texnikalarının və aqreqatların hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı görülmüş tədbirlərlə bağlı məlumat verib.
Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi vəzifəsinin icraçısı, daxili xidmət mayoru Hasil Məmmədov ot-taxıl biçini dövründə taxıl zəmilərində yanğın hadisələrinin baş verməsinin əvvəlcədən qarşısının alınması məqsədilə kombaynlara və digər kənd təsərrüfatı texnikalarına yanğına qarşı texniki baxışların keçirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Müzəffərov taxıl biçini kompaniyasına hazırlıqla bağlı cəmiyyətə məxsus kombaynların texniki cəhətdən işə hazırlığı haqqında ətraflı məlumat verib.
Tədbir müddətində kombaynlara baxışlar keçirilərək yanğın törədə biləcək hallarla bağlı iştirakçılara məlumatlar verilib və kənd təsərrüfatı texnikalarında mövcudluğu zəruri olan ilkin yanğınsöndürmə vasitələrinin istifadə və istismar qaydaları əyani olaraq göstərilib.
Birgə tədbirlər planına uyğun olaraq maarifləndirici tədbirlərin bundan sonra da yerlərdə həyata keçirilməsi nəzərdə tutulub.