Muxtar respublikada daha 75 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb
Naxçıvan, 17 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən ötən ay 75 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb ki, bunun 69-u əhali və 6-sı isə qeyri-əhali abonentlərdir.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, fevral ayında qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursunu bitirən müdavimlərə sertifikat verilib.
Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilib, martın 1-nə cəmi 20 min 91, o cümlədən fevral ayında 16 qaz sayğacı quraşdırılıb. Bu işlər davam etdirilir. Yaşayış məntəqələrində, yerli icra hakimiyyəti, hüquq-mühafizə nümayəndələri və şəhər, rayon qaz istismar idarələrinin işçiləri ilə birgə reydlər intensiv olaraq keçirilib, aşkarlanmış nöqsanlara və sayğaca müdaxiləyə görə 3 abonentə cərimə tətbiq olunub.