Muxtar respublikada növbəti humanitar tibbi aksiya Ordubad rayonunda təşkil olunub
Ordubad, 18 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən mütəmadi olaraq muxtar respublikanın rayonlarında keçirilən humanitar tibbi aksiyalar davam etdirilir. Növbəti humanitar tibbi aksiya çərçivəsində Ordubad rayonunda ahıl xəstələr müayinə olunublar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tibbi aksiyada uroloq, endokrinoloq, nevropatoloq, lor, cərrah, radioloq, travmatoloq və digər ixtisas həkimləri iştirak ediblər.
Gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib. Xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilib. Bəzi xəstələr əlavə müayinə və müalicə olunmaq üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət ediliblər.
Xəstələr başqa yerlərə getmədən ev şəraitində müayinə olduqlarına görə minnətdarlıqlarını bildiriblər.