Muxtar respublikada ordumuza mənəvi dəstəyin göstərilməsi ənənə halını alıb
Naxçıvan, 6 oktyabr, AZƏRTAC
Vətənimizin keşiyində ayıq-sayıq dayanan əsgərlərimizə muxtar respublikada mənəvi dəstəyin göstərilməsi ənənə halını alıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada xalq-ordu birliyinə nümunə olaraq “Cahan Holdinq” Şirkətlər İttifaqının kollektivi N saylı hərbi hissəyə 7 min 76 manat dəyərində sovqat aparıb. Tədbirdə ittifaqın aparat rəhbəri Azər Cəfərov döyüş ruhlu əsgərlərə xoş arzularını çatdırıb. Bildirib ki, birliyimiz möhkəm və davamlı olduqca düşmənlərin ölkəmizə istənilən mənfur niyyəti boşa çıxır.
Hərbi hissənin əsgəri Sahib Əliyev gətirilən sovqata görə minnətdarlığını bildirib.
****
Prestij Naxçıvan Pivəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi isə N saylı hərbi hissəyə 24 min 900 litr Darıdağ Müalicəvi su aparıb. Əsgər və zabitlər göstərilən diqqətə görə minnətdarlıq ediblər.
****
“Məmmədtağı” MMC-nin Şərur Broyler müəssisəsi tərəfindən 658 kiloqram toyuq əti, 18 min ədəd yumurta N saylı hərbi hissəyə verilib.
****
Şərur rayon Cəlilkənd və Alışar kənd sakinləri 8 ton soğan, 300 kiloqram dana əti, 50 kiloqram pendir, 40 litr südü N saylı hərbi hissəyə sovqat aparıblar.
****
Culfa rayonunun Xanəgah və Qızılca kəndlərinin sakinləri tərəfindən də rayon ərazisindəki hərbi hissəyə sovqat aparılıb. 425 kiloqram ət, 310 kiloqram kartof, soğan və müxtəlif kənd təsərrüfatı məhsulları hərbi hissəyə təqdim edilib.