Muxtar respublikada ötən il 3 min 228 hektar sahədə kartof əkini aparılıb
Naxçıvan, 13 mart, AZƏRTAC
Muxtar respublikada kartofçuluqda yeni uğurlar qazanmaq üçün məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, ötən il muxtar respublikada 3 min 228 hektar sahədə kartof əkini həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Şərur rayonu üzrə 16 min 890, Babək rayonu üzrə 8 min 818, Culfa rayonu üzrə 3 min 45, Ordubad rayonu üzrə 8 min 538, Şahbuz rayonu üzrə 7 min 573, Kəngərli rayonu üzrə 3 min 240, Sədərək rayonu üzrə 1628, Naxçıvan şəhəri üzrə 360 ton məhsul əldə olunub.
Muxtar respublikada əkin atlaslarının hazırlanması, əkiləcək torpaqların yararlılıq səviyyəsinin öyrənilməsi üçün hərtərəfli şərait yaradılması da bol məhsul istehsalına daha geniş imkanlar açıb. Şərur rayonunun Ələkli, İbadulla, Babək rayonunun Nehrəm, Ordubad rayonunun Üstüpü və digər yaşayış məntəqələrində bu məhsulun istehsalına maraq getdikcə artır.
Kartof istehsalında başlıca diqqət yetirilən məsələlərdən biri də yüksək reproduksiyalı toxumlarla təchizat məsələsidir. Artıq bu da öz həllini tapıb. Muxtar respublikada yaradılmış toxumçuluq təsərrüfatları, ayrı-ayrı sahibkarlar keyfiyyətli toxum məhsulları ilə kartofçuluqla məşğul olanlara yaxından köməklik göstərir.
Məhsul bolluğunun yaradılmasında soyuducu anbarların istifadəyə verilməsinin də mühüm rolu var. Bu anbarlar bir tərəfdən məhsul satışı ilə bağlı meydana çıxan problemləri aradan qaldıraraq yerli istehsalla məşğul olmağa marağı artırırsa, digər tərəfdən əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatı üçün də geniş imkanlar yaradır. Artıq muxtar respublikada ümumi tutumu 15 min 940 ton olan 37 soyuducu anbar fəaliyyət göstərir. Kartof istehsalçıları da məhsulun saxlanılmasında və ilboyu daxili bazarı təmin etmək üçün soyuducu anbarlardan istifadə edirlər.