Muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib
Naxçıvan, 3 aprel, AZƏRTAC
Muxtar respublikada təhsil müəssisələrində şagirdlərin mütaliəyə təşviqi işini gücləndirmək məqsədilə ümumtəhsil məktəblərində 2019-cu ildən keçirilən “Mütaliə aylığı” çərçivəsində şagirdlərdə mütaliə mədəniyyətini formalaşdıran, onları mütaliəyə həvəsləndirən silsilə tədbirlər reallaşacaq. Həmçinin aprel ayı ərzində şagirdlər tərəfindən Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdiriləcək və dram müsabiqəsi keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu sözləri “Şagirdlərin formalaşdırılmasında mütaliənin rolu və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edən muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov deyib.
Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikanın təhsil müəssisələrinin infrastrukturu yenilənib, şagirdlərin təhsil alması üçün zəruri şərait yaradılıb. Bununla yanaşı, təhsil müəssisələrinin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunub, fondu zənginləşdirilib, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülüb, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilib.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib. Ümumtəhsil məktəblərinin kitabxanalarında oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb.
“Yaradılan şəraitdən səmərəli istifadə olunmasını, eləcə də mütaliənin şagirdlərin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilir”, - deyən təhsil naziri Rəhman Məmmədov vurğulayıb ki, şagirdlərdə mütaliəyə marağı artırmaq, həm Azərbaycan ədəbiyyatı, həm də dünya ədəbiyyat nümunələrini mütaliəyə təşviq edilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdəndir. Bunun üçün şagirdlərlə məqsədyönlü maarifləndirmə işlərinin aparılmasına, “Oxunması zəruri olan kitablar”ın mütaliəsinə, şagirdlərdə oxu vərdişlərinin yaradılmasına diqqət artırılmalı, ümumtəhsil məktəblərinin kitabxanaları şagirdlərə mütaliə mədəniyyətini, ədəbiyyatlardan müntəzəm və sistemli şəkildə istifadə etmək bacarığını aşılamalıdırlar.
Sonra Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin direktoru, “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda keçirilən pedaqoji mühazirədə I yerin qalibi olan İlahə Fərəcova “Şagirdlər arasında mütaliə mədəniyyətinin formalaşmasında məktəbin qarşısında duran vəzifələr”, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin kitabxana müdiri Gülnar Əsgərova “Şagirdlər arasında mütaliəyə marağın yaradılmasında məktəb kitabxanasının rolu”, Heydər Əliyev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Aynur Abbasova isə “Oxunması zəruri olan kitablar”ın mütaliə mədəniyyətinin formalaşmasında rolu” mövzularında çıxış ediblər. Çıxış edənlər muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısına və ümumtəhsil məktəblərində yaradılan yüksək təhsil şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlıqlarını bildiriblər.