Naftalan şəhərində dünyada sürətlə böyüyən ağaclar əkilir
Naftalan, 11 mart, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın beynəlxalq turizm mərkəzlərindən olan Naftalanı turistlər üçün daha da cəlbedici etmək üçün şəhərin küçə, park və xiyabanlarına dünyada sürətlə böyüyən ağaclar əkilir. “Pavlovniya” və ya “Adəm” adı ilə tanınan bu ağaclar dünyada sürətlə - ildə 3 metrə qədər böyüyən, havanın çirklənməsinin qarşısını alan ağac növləridir. Hündürlüyü 18-20 metrə çatan bu ağaclar 100 ilə qədər yaşayır.
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ilkin mərhələdə şəhərin küçə, park və xiyabanlarına 300 ağacın əkilməsi planlaşdırılır.
“Pavlovniya” ağacı mebel, musiqi alətləri istehsalı, bəzək əşyaları istehsalı və ən əsası keyfiyyətli kağız istehsalı kimi bir çox sahədə uğurla istifadə edilə bilən qiymətli materialdır. Çiçəklərində bol bal ekstraktı olduğundan arıçılar onu bal gətirən ağac kimi əkirlər, gülləri nektarla zəngindir, alınan bal şəffaf və ətirlidir. “Pavlovniya”dan yüksək keyfiyyətli pellet yanacağı əldə etmək olur ki, bu da istilik enerjisinin ekoloji təmiz alternativi olan bioyanacaqdır. Ən önəmli özəlliklərindən biri də ağac qırılmasına və ya kəsilməsinə baxmayaraq, beş dəfə yenidən eyni ölçüdə böyüyə bilir.
Qeyd edilib ki, kurort şəhəri Naftalana gələn yerli və xarici turistlərin məmnunluğunu artırmaq, eləcə də şəhərdə yaşıllığı artırmaq üçün ümumilikdə yaz mövsümündə 3000-dən çox ağac - Eldar şamı, evkalipt, göyrüş əkiləcək.