Nalbandyansayağı “nəzakət” haqqında
Moskva, 27 may, AZƏRTAC
Mayın 26-da Ermənistanın bəzi KİV-lərində dərc olunan kiçik məlumatda deyilir ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu ölkənin parlamentində deputatların suallarına cavab verən zaman təkcə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fəaliyyətdən danışmayıb, həm də onun fəaliyyətini qiymətləndirən müəyyən rəylər söyləməyə cəsarət edib. Məsələn, o bildirib ki, “Polad Bülbüloğlunu reklam etmək lazım deyil”, çünki nazirin fikrincə, onun fəaliyyəti “diplomatik nəzakət çərçivəsindən kənara çıxır”.
Ölkəmizin Rusiyadakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan səfirliyi bu məsələ ilə əlaqədar Edvard Nalbandyana xatırladır: səfirlərin fəaliyyətini əsla üçüncü şəxslər deyil, onları göndərən dövlətin başçısı və qəbul edən tərəf qiymətləndirir. Odur ki, erməni nazir yaxşı olar, fikrini tabeliyində olanlar üzərində cəmləşdirsin, çünki yalnız onlara tövsiyə vermək haqqı var.
Səfirliyin mətbuat xidmətində vurğulayıblar: “Azərbaycana təcavüz edən bir ölkənin xarici siyasət idarəsinin başçısının parlamentdə Polad Bülbüloğlunun fəaliyyətini bu şəkildə şərh etməsi faktının özü Azərbaycanın Rusiyadakı səfirinin işinin keyfiyyətinin əyani göstəricisidir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva