Nanotexnologiyaya əsaslanan dərman çatdırılma sistemləri ilə bağlı tədqiqat aparılıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları nanotexnologiyaya əsaslanan dərman çatdırılma sistemlərinin dizaynında və inkişafında hesablama modelləşdirməsinin rolunu tədqiq ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nanotexnologiyanın mühüm aspekti olan dərmanların çatdırılması üçün nanohissəciklərin hazırlanması çoxsaylı problemlərlə qarşılaşır. Bunlara uyğun köməkçi maddələrin seçilməsi, həll olunma amillərinin aydınlığı, dərmanın effektiv inkapsulyasiyası və ayrılmasının təmin edilməsi, stabilliyin qiymətləndirilməsi və ünvanlı çatdırılması üçün qan dövranında dərman nəqlinin asanlaşdırılması daxildir. Bu mürəkkəb problemləri həll etmək üçün bir sıra molekulyar hesablama modellərindən istifadə olunur. Müxtəlif metodologiyalar nanohissəciklərin hazırlanmasında iştirak edən mürəkkəb mexanizmlərin aydınlaşdırılmasında mühüm rol oynayır və dərmanların çatdırılması üçün üzvi və qeyri-üzvi sistemlərin yaradılmasında vacibdir.
Tədqiqatın nəticələrinin əks etdirildiyi məqalə Xorvatiya Kimya Mühəndisləri Cəmiyyətinin “Kimya və biokimyəvi mühəndisliyin rüblük jurnalı”nda (Chemical and Biochemical Engineering Quarterly) dərc edilib. “Web of Science”, “Scopus”, “Chemical Abstracts” və digər nüfuzlu beynəlxalq bazalara daxil edilmiş bu jurnal Q3 kvartillidir və təsir əmsalı 1.60-dır.