CƏMİYYƏT
Narkomaniya bəşəriyyətin bəlasıdır
Bakı, 15 fevral, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsi “Narkomaniya bəşəriyyətin bəlasıdır” və “Erkən nikahlara yox deyək” mövzularında silsilə tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə görüş rayonun Privolnoye kənd 1 və 2 nömrəli tam orta məktəblərinin şagirdləri ilə keçirilib.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan sərt mübarizədən və əldə olunan nəticələrdən danışıb. Qeyd edib ki, bu gün polis əməkdaşları həm də maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə “ağ ölüm”ün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir. Gələcəyin qurucuları olan məktəblilər də bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyl etməməli, diqqətlərini təhsilə, idmana yönəltməlidirlər.
Şöbə rəisi, həmçinin erkən nikahların qarşısının alınması istiqamətində görülən tədbirlərdən, bu cür halların sağlam cəmiyyətə zərbələrindən söz açıb.
Çıxış edən həkim və pedaqoqlar narkomaniya və erkən nikahın səbəb olduğu fəsadlardan danışıb, polis əməkdaşları tərəfindən təhsil ocaqlarında təşkil edilən bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.