NARKOTİKLƏR PROBLEMİ AZƏRBAYCAN ÜÇÜN DƏ AKTUALDIR
AZƏRTAC-ın xüsusi müxbiri dünyanın 50 ölkəsinin və 23 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdikləri konfransın ikinci iş günü Azərbaycan Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini, polis polkovniki Məzahir Əliyev çıxış etmişdir. Onun “Azərbaycan Respublikasında narkotiklərin qanunsuz dövriyyəsi və onların prekursorları ilə mübarizə üzrə fəaliyyətin təşkili haqqında” məruzəsində vurğulanmışdır ki, narkotiklərin qanunsuz dövriyyəsi qlobal xarakter daşıyır və hər bir dövlətin sosial təhlükəsizliyi üçün qorxu törədir. M.Əliyev demişdir: “Bu problem Azərbaycan üçün də aktualdır. Ölkəmizin coğrafi-strateji vəziyyəti narkoişbazları cəlb edir, onlar narkotiklərin Avropa ölkələrinə daşınması üçün tranzit kimi Azərbaycan ərazisindən istifadə etməyə çalışırlar”. Məruzədə İran, Türkiyə və digər dövlətlərdən böyük həcmdə narkotiklərin tranzit daşımalarına dair çoxlu faktlar gətirilmiş və bildirilmişdir ki, hazırda narkotiklərin daşınmasının bir neçə marşrutu məlumdur: “Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa”, “Əfqanıstan-İran-Azərbaycanın işğal olunmuş əraziləri - Dağlıq Qarabağ-Ermənistan-Avropa”, “Əfqanıstan-İran-Azərbaycan-Rusiya”.
Məzahir Əliyev demişdir ki, narkomanlığın yayılması təhlükəsini və respublikaya daxil olan narkotiklərin həcminin artdığını nəzərə alan ölkə rəhbərliyi bu bəla ilə mübarizədə hüquqi bazanın təkmilləşdirilməsinə, hüquq mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Dövlət Komissiyası təşkil edilmişdir. Onun tərkibində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi ilə məşğul olan, hüquq mühafizə orqanlarının, dövlət qurumlarının, beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirən işçi qrupu fəaliyyət göstərir. Respublika DİN-də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, habelə narkotiklərdən asılı şəxslər barədə ümummilli məlumat bazası yaranmışdır ki, bu da ölkədə narkotiklərlə bağlı vəziyyəti real qiymətləndirməyə imkan verir. Bununla yanaşı, BMT-nin tövsiyələrinə müvafiq olaraq, respublikada narkomanlıq, narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə dair ümummilli proqram hazırlanmışdır ki, onun da yerinə yetirilməsi hökumətin daimi nəzarəti altındadır. Azərbaycan səmərəli mübarizə, qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək məqsədi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin İnkişaf Proqramı , ATƏT, TASİS proqramı və s. ilə fəal əməkdaşlıq edir, BMT-nin üç məlum beynəlxalq konvensiyasına qoşulmuşdur.
Sonda vurğulanmışdır ki, beynəlxalq əməkdaşlığın, o cümlədən keçid iqtisadiyyatlı, habelə silahlı münaqişələrə cəlb olunmuş ölkələrə yardım göstərilməsi səylərinin bu ümumbəşəri bəla ilə mübarizədə həlledici əhəmiyyəti var.
Konfransda beynəlxalq təşkilatların və müxtəlif dövlətlərin nümayəndələri çıxış edərək, öz ölkələrindəki və bütövlükdə qitədəki vəziyyətdən danışmışlar.